AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 77

Bakı şəhəri, may  2009-cu il

"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin təsdiq edilməsi barədə


"Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmişdir


"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinin

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

tam halda - "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyəti;

qısaldılmış halda - "Azəryaşlandşaft" ASC.

1.5. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsi, 2.

 

2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

2.4. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə bilər. 

2.5. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir. Dövlətin Cəmiyyətin fəaliyyətilə əlaqədar maddi məsuliyyəti ilə bağlı öhdəlikləri dövlətə məxsus səhmlərin dəyəri ilə məhdudlaşır.

2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə cavabdeh deyildir.

 

3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında yaşıllaşdırma sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir.

3.2. Cəmiyyət bu məqsədə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;  

3.2.2. qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu yolun torpaq və qorunma (mühafizə) zolağından kənarda yerli bitmə şəraitinə uyğun yerli və introduksiya olunmuş ağac və kol cinslərindən istifadə etməklə, müasir dizaynla hazırlanmış layihələr əsasında yaşıllıqların salınmasının  həyata keçirilməsi;

3.2.3. salınmış yaşıllıqlara xidmət və suvarma işlərinin təşkil edilməsi, onların xəstəlik və ziyanvericilərdən, eləcə də yanğından mühafizəsinin, mal-qaradan və digər təsirlərdən qorunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;   

3.2.4. yaşıllıqlar salınacaq ərazilərin texniki qəbulunun vaxtında aparılmasının təşkil edilməsi və yaşıllıqlara aqrotexniki müddətlərə uyğun xidmət aparılmasının və əkinlərin vaxtında suvarılmasının həyata keçirilməsi;

3.2.5. yaşıllaşdırma ilə bağlı ağır (mürəkkəb) işlərin mexanikləşdirilməsinin təşkil edilməsi, salınmış yaşıllıq ərazilərinin uçotunun və inventarlaşma işlərinin aparılması, bu barədə hesabatların hazırlanmasının təmin edilməsi;

3.2.6. müvafiq dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

3.2.7. fəaliyyəti ilə əlaqədar landşaft quruluşu planının tərtib edilməsinin həyata keçirilməsi;

3.2.8. landşaft quruluşunun, onun konsepsiyasının, perspektivinin ilkin layihələndirilməsinin həyata keçirilməsi;

3.2.9. müqavilə və dövlət sifarişinə əsasən yaşıllaşdırma işlərinin yerinə yetirilməsi;

3.2.10. yaşıllıqların salınmasında tələb olunan əkin materiallarının daxili bazardan, zəruri hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada xaricdən alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

3.2.11. qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakından səmərəli istifadə edilməsi;

3.2.12. digər hüquqi şəxslərlə faydalı kommersiya və elmi-texniki əməkdaşlığın həyata keçirilməsi;

3.2.13. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müsabiqələrin (tenderlərin) keçirilməsi;

3.2.14. tabeliyində olan qurumların iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlərin görülməsi;

3.2.15. Cəmiyyətin və tabeliyində olan qurumların mülki müdafiə hazırlığının təmin edilməsi;

3.2.16. yaşıllaşdırma və landşaft dizaynı sahəsinə investisiyaların cəlb olunmasının təşkilində iştirak edilməsi;

3.2.17. Cəmiyyətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (qrantlar, texniki yardımlar, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə görə daxilolmalar və sair) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsinin təmin edilməsi;

3.2.18. məqsədli dövlət proqramları əsasında şəhərlərdə və digər yaşayış məntəqələrində, o cümlədən park və xiyabanlarda yaşıllıqların salınması, becərilməsi, bərpası, artırılması, mühafizəsinin təmin edilməsi və bu sahədə digər xidmətlərin göstərilməsi;

3.2.19. yaşıllıqların, o cümlədən ağac və kolların suvarılmasının su qanunvericiliyinə uyğun olaraq, su obyektlərindən istifadə etməklə təmin edilməsi;

3.2.20. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin sifarişi və ya icazəsi əsasında onların yaşıllıqların salınması nəzərdə tutulan torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi;

3.2.21. yeni salınmış yaşıllıqların torpaq mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə təhvil verilməsinin təşkil edilməsi;

3.2.22. landşaftın deqradasiyasına, destruksiyasına və digər dəyişikliyinə səbəb olan halların aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi;

3.2.23. landşaftın yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi;

3.2.24. müqavilə və dövlət sifarişinə əsasən landşaftın bərpa edilməsi və yaxşılaşdırılması işlərinin  yerinə yetirilməsi;

3.2.25. istirahət zonalarında landşaftın rekreasiya tutumunun müəyyən olunmasında iştirak edilməsi;

3.2.26. Cəmiyyətin əsas məqsədinə uyğun olaraq, qanunvericilikdə qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul olmaq.

 

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

4.1. Cəmiyyətin gəlirləri qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən, kreditlərdən, qrantlardan, xidmət və istehsalatdan daxil olan, qanunvericiliklə qadağan olunmayan fəaliyyət növlərindən əldə edilən vəsaitlərdən ibarətdir.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 4000000,00 (dörd milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 20 (iyirmi) manat olan 200000 (iki yüz min) ədəd sənədsiz, adlı, adi səhmlərdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

 

5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

5.2. Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər "Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamı"na uyğun olaraq bu Nizamnamədə nəzərdə tutulmuş qaydada həll edilir.

 

6. Cəmiyyətin icra orqanı

6.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

6.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətləri daxilində Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri  həll edir.

6.3. İdarə heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarətdir.

6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

6.5. İdarə Heyəti:

6.5.1. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

6.5.2. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq əməkhaqqı fondu dairəsində təşkil edir;

6.5.3. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

6.5.4. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

6.5.5. Cəmiyyətin struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

6.5.6. bütövlükdə Cəmiyyətin və ya onun struktur bölmələrinin, həmçinin Cəmiyyətin tabeliyində olan qurumların maliyyə-təsərrüfat  fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

6.5.7. Cəmiyyətin perspektiv inkişaf planı, digər hüquqi şəxslərə kapital qoyuluşu, bu Nizamnaməyə  əlavə və dəyişikliklər edilməsi, Cəmiyyətin illik maliyyə hesabatı və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları barədə təkliflər verir;

6.5.8. bu Nizamnamə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş məsələləri həll edir.

6.6. İdarə heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin sədrinin səsi həlledicidir.

 

7. Cəmiyyətin sədri

7.1. Cəmiyyətin sədri:

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

7.1.2. sədr müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.1.4. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq təşkilatlarda)  təmsil edir;

7.1.5. Cəmiyyətin strukturunu, aparatının işçilərinin say həddi və xərclər smetası barədə təkliflərini hazırlayır və təsdiq edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada təqdim edir;

7.1.6. Cəmiyyətin tabeliyində olan qurumların strukturunu və ştat cədvəlini təsdiq edir;

7.1.7. Cəmiyyətin struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini təsdiq edir;

7.1.8. Cəmiyyətin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır;

7.1.9. Cəmiyyətin aparatının və tabeliyində olan qurumların (hüquqi şəxs statuslu qurumlar istisna olmaqla) işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.1.10. Cəmiyyətin filial və nümayəndəliklərinin, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərini müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir;

7.1.11. Cəmiyyətin filial və nümayəndəliklərinin, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.1.12. Cəmiyyətin tabeliyində olan qurumlara göstərişlər verir;

7.1.13. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, digər normativ hüquqi aktların və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmr, sərəncam və göstərişlərinin icrasını təmin edir;

7.1.14. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

7.1.15. malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır;

7.1.16. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

7.2. Cəmiyyətin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini müvəqqəti olaraq sədr müavinlərindən biri həyata keçirir.

 

8. Daxili audit və maliyyə nəzarəti mexanizmi

8.1. Cəmiyyət sədrə tabe olan daxili audit sistemi təsis edir. Daxili audit və bu sistemin işini icra edən şəxslər öz fəaliyyətində cəmiyyətin şöbələrindən asılı deyildirlər və funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

8.2. Cəmiyyətin daxili audit komitəsinin əməkdaşları müvafiq qanunvericilikdə nəzərdə tutulmuş və Cəmiyyətin bütün işçiləri üçün müəyyən edilmiş tələblərlə bərabər, aşağıdakı əlavə tələblərə cavab verməlidirlər:

8.2.1. ali iqtisadi və ya hüquqi təhsilə malik olmaq;

8.2.2. digər ixtisas üzrə ali təhsilə və bu Nizamnamənin 8.2.1-ci bəndində sadalanan müvafiq sahə üzrə ən azı dördillik iş stajına malik olmaq.

8.3. Daxili audit komitəsinin əsas funksiyaları aşağıdakılardır:

8.3.1. Cəmiyyətin, o cümlədən tabeliyində olan qurumların fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

8.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini aparmaq;

8.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək;

8.3.4. Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

8.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

 

9. Cəmiyyətin müstəqil (kənar) auditi

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

10.  Cəmiyyətdə uçot və hesabatın aparılması

10.1. Cəmiyyət mühasibat və statistik uçotu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparır.

10.2. Cəmiyyətin birinci maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

10.3. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanında dərc etdirməyə borcludur.

10.4. Cəmiyyət mühasibat uçotunu təşkil edir, tabeliyində olan qurumların rüblük və illik maliyyə hesabatına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxır, icmallaşdırır və təsdiq edir, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, mühasibat balanslarını, mənfəət və zərər hesablarını tərtib edir və təsdiq olunması məqsədi ilə müəyyən edilmiş qaydada təqdim edir.

10.5. Cəmiyyət tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir.

 

11. Cəmiyyətin tabeliyində olan qurumları ilə qarşılıqlı münasibətləri

11.1. Cəmiyyətin tabeliyində olan qurumları ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət tabeliyində olan qurumları tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına zidd olaraq qəbul edilmiş qərarları ləğv etmək hüququna malikdir.

11.3. Cəmiyyət tabeliyində olan qurumları ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.3.1. tabeliyində olan qurumların idarəetmə orqanlarını formalaşdırmaq;

11.3.2. tabeliyində olan qurumların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə onların müzakirəsində iştirak etmək;

11.3.3. tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək;

11.3.4. tabeliyində olan qurumların fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.3.5. tabeliyində olan qurumların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

11.3.6. qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutulan digər səlahiyyətləri həyata keçirmək.

 

12. Cəmiyyətin yenidən təşkili və ləğvi

Cəmiyyətin yenidən təşkili və ləğvi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.